www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  => MÜHARİBƏ ŞƏKİLLƏRİ
  => EKOLOJİ TERROR
  => DÖYÜŞDÜLƏR
  => Ermənilərin başına 300 min dollar qoyduğu “Edik” ləqəbli Azərbaycan kəşfiyyatçısı
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
DÖYÜŞDÜLƏR

Füzuli uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərən, kişi qeyrətli Gülbar Heydərova müasir qadın qəhrəmanlarımızın yeni obrazıdır...

 

Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində igid sərkərdə kimi təsvir olunmuş Bərdənin şahı Nüşabə haqqında hər dəfə oxuyanda içimdən qürur hissi keçirdi. Baxmayaraq, Nüşabəyə qədər oxuduğum nağıl və dastanlarda kifayət qədər qadın qəhrəmanlarını tanıyırdım. Biz o dövrdə yaşamadığımızdan, təbii ki, qadın qəhrəmanlarımız haqqında yalnız kitablardan öyrənirdik. Mənə elə gəlirdi ki, qadınların göstərdikləri qəhrəmanlıqlar elə kitablarda olur. Əgər 1993-cü ilin aprelində ona rast gəlməsəydim...

1992-ci ilin iyul ayında Beyləqanın Haramı düzündən başlayan döyüş yolumuz, sonralar Zəngilan, Qubadlı, Laçın və Füzulidən keçdi. Topçuların komandiri idim. Füzulidəki döyüş mövqeyimiz Qoçəhmədli ilə Mollavəli kəndlərinin arasındakı üzümlüyün yanında idi. Erməni hədəflərini vurmaq üçün həm öz batareyamızın kəşfiyyatçı əsgər və zabitinin, həm də Füzuli üzrə Artilleriyaya cavabdeh olan "Drakon"un (mayor Nizami) koordinantlarından istifadə edirdik. Amma ara-sıra eşidirdim ki, Gülbar adlı yerli bir qız var, onun ermənilərlə üzbəüz mövqelərdən verdiyi "korrektirovka"lar çox dəqiq olur.

Onu da eşitmişdim ki, onun verdiyi dəqiq koordinantlar üzrə toplardan atılan mərmilər həm canlı qüvvə, həm də texnika baxımından ermənilərə ağır zərbələr vurur. Bir dəfə isə Gülbarın verdiyi koordinantlar düşmən tərəfin böyük itki verməsinə səbəb olmuşdur və ermənilərin ratsiya ilə Gülbarı hədələdiklərini özüm şəxsən eşitdim. Həmin anda Gülbar ermənilərin əlinə keçsəydi, onu tikə-tikə doğrayacaqları şübhəsiz idi.

***

Gülbarla aramızda elə də uzaq məsafə yox idi. Lakin iş elə gətirirdi ki, gedən döyüşlərdən vaxt tapıb heç cürə onunla görüşə bilmirdim. Nəhayət, bu döyüşçü qızla görüşüb, üzbəüz söhbət etmək xoşbəxtliyi mənə nəsib oldu və vaxtilə oxuduğum, kitablarda yazıldığı kimi, qadınların göstərdikləri qəhrəmanlıqlara da heç bir şübhəm qalmadı. çünki Nüşabənin, Həcərin, Nigarın, Tomrisin, Ərəbzənginin varisi olan qız əlində avtomat qarşımda idi...

Təsadüfə bir baxın ki, qadınlar haqqında yazı müsabiqəyə start verildiyi 1 mart tarixi Gülbarın doğum günüdür...

***

Heydərova Gülbar Heydər qızı 1965-ci il martın 1-də Füzuli rayonunun Qaraməmmədli kəndində anadan olub. üç qardaşın bir bacısı idi.

Qarabağ müharibəsi başlayandan o, Rasim İbrahimovun özünümüdafiə batalyonuna könüllü yazılmışdı. Hərçənd atası Heydər kişi demişdi: "A qızım, onsuz da qardaşların döyüşür, sənə ehtiyac yoxdur". Ancaq Gülbar inadından dönmür...

1993-cü il aprelin əvvəlləri idi. Füzulinin Yuxarı Seyidəhmədli kəndinin yanından keçən çayın kənarında, Artilleriyanın qərargahında "Drakon"un (mayor Nizaminin) yanına növbəti döyüş tapşırıqlarını almağa gəlmişdim. Səhra rabitəsi maşınına daxil olanda Nizami müəllimin yanında olan 2-3 nəfərlə yanaşı hərbi paltarda, çəlimsiz, arıq bir qız da gördüm. "Drakon" əvvəl məni qıza təqdim etdi. "Kobra"nın (bizim topçu batareyasının ləqəbi idi) komandiri Elçindir, həm də jurnalistdir. Bunu deyib üzünü mənə tutdu: "Hə, komandir, bu qəhrəman qızdan bir yaxşı yazı yazarsanmı?" Mən "əynində hərbi paltar varsa, belə bir qızdan yazmaq borcumdur- deyib təəccüblə "Drakon"a baxırdım ki, bu qız kimdir və niyə onu təqdim etmir? Nəhayət, "Drakon" "Gülbardır" - deyib gülümsədi. özü də bilirdi ki, onunla çoxdan görüşmək arzusundaydım. Gözlərimə inana bilmirdim ki, bu çəlimsiz canı ilə ermənilərin başına od ələyən, onlara ağır zərbələr vuran və nəhayət, başına çoxlu pul qoyulan Gülbarla üz-üzə dayanmışam. Mənim beynimdə onun göstərdiyi şücaətlər barədə eşitdiklərim canlanarkən, Gülbar üzünə xəfif təbəssüm verib, "nə yaman fikrə daldınız?" - deyərək məni xəyaldan ayırdı. Cəld "Gülbar xanım, sizin qəhrəmanlıqlarınız haqqında o qədər eşitmişəm ki, elə bilirdim siz boylu-buxunlu pəhləvan kimisiniz. Həm də fikirləşirdim ki, bir az da özündən razı qız olarsınız. Ancaq sizi bu qədər adi və sadə bir qız kimi görəndə təəccübləndim - deyərək üzünə heyranlıqla baxdım.

Gülbar:

- Məni o qədər də şişirtməyin, qəhrəmanlıq-zad nədir, sadəcə öz torpağımızı qoruyuram.

üzümü "Drakon"a tutdum:

- Nizami müəllim, gözəl şairimiz Mirvarid Dilbazinin bir şeiri var. O, sanki Gülbar üçün yazılıb:

"...Hər papaq qoyana kişi desəm mən,

Kişilər inciyər səxavətimdən.

Elə qadınlar da böyüdüb Vətən,

Nahaqdır onlara kişi deməsən!.."

Bu gün əksər kişilərin qaçıb gizləndiyi vaxtda Gülbar kimi bir qızın odun-alovun içində olması papaq daşıyan kişilərin çoxusuna kişilik dərsi vermək deyilmi?

Bu sözlərdən Gülbarın üzünə qızartı çökdü və dedi:

- Siz adamı əməlli-başı utandırırsınız, axı mənim elə də dediyiniz kimi qəhrəmanlığım yoxdur. Sadəcə qardaşımla bir yerdə döyüşərək bacardığım köməyi əsgərlərdən əsirgəmirəm.

***

Doğrudan da qardaşı Kərimlə birgə döyüşürdü Gülbar. Ancaq gəlin görək bu qız doğrudanmı adi döyüşçü idi? Bu zaman xəyalımda döyüş yoldaşı "yetim" ləqəbli Sadiq Əhmədovun dedikləri canlandı: "Füzulidə batalyon yaranan gündən bütün döyüş əməliyyatlarında Gülbarla bir yerdə olmuşuq. O, həm kəşfiyyat apararaq düşmənin mövqeləri və texnikalarının yeri barədə topçulara düzgün koordinantlar verir, həm də rabitəçi kimi döyüşən tağımların arasında körpü yaradırdı. Döyüş vaxtı isə əlində avtomat əsgərlərin ön cərgəsində olurdu. Gülbar onlarla yaralı əsgəri, o cümlədən şəxsən mənim özümü, güclü atəş altında, ölümün cəngindən qurtarıb".

Xəyaldan ayrılıb Gülbar xanıma üz tuturam:

- üzr istəyirəm, döyüş bölgəsində kifayət qədər döyüşən oğlanlar var və qızlara ehtiyac yoxdur. Sizin də ailə qurmaq vaxtınızdır. Bəlkə döyüşlərdən çəkinəsiniz? Axı...

Qızara-qızara sözümü yarımçıq kəsir:

- Siz də lap atam kimi danışırsınız. İlk dəfə döyüşə getmək fikrimi biləndə etiraz etdi. Dedi ki, sənin ailə qurmaq vaxtındır, onsuz da qardaşların döyüşür, səngər, döyüş qız yeri deyil. Onda atama qətiyyətlə bildirdim ki, müharibə qurtarmayınca ailə qurmaq barədə söhbət ola bilməz.

Füzuli rayonu üzrə Artilleriyanın qərargah rəisi mayor Nizami ("Drakon") söhbətə müdaxilə edib zarafatla "belə igid qıza hansı oğul yaxın dura bilər?" - deyəndə, Gülbar utanıb başını aşağı saldı. Bu zaman mövzunu dəyişdim.

- Gülbar xanım, Füzuli şəhərinin taleyini həll edən Məngələnata yüksəkliyinin ermənilərdən təmizlənməsində sənin həm rabitəçi, həm də əsl Artilleristlər kimi verdiyin dəqiq koordinantlar mühüm rol oynadı. Bu zaman mərmi partlayışından yaralanmağını, hətta torpaq altında qalmağını və döyüş dostlarının səni böyük çətinliklə oradan çıxartmalarını da eşitmişəm. Ancaq atəş altında verdiyin koordinantlar nəticəsində ermənilərin mövqeləri, əsgərləri və texnikası darmadağın olarkən, səni bərk hədələdiklərini ratsiyada şəxsən eşitmişəm. Bu hədələr sənə təsir eləmir?

Bayaqdan qızarıb utanan üzündə bir qətiyyət göründü və dərhal da cavab verdi:

- Eh hədələsinlər də... Daha öyrəşmişəm. Onlar elə hirslənib hədələyəndə, mənə ləzzət edir. Ona görə ki, deməli, nəsə etmişəm, onlar da belə özlərindən çıxıblar. Düşməni torpağımızdan qovana qədər onları hələ çox hirsləndirəcəyəm.

- Bəs düşmənin səni tutan şəxsə vəd etdiyi böyük pul məbləği barədə nə deyə bilərsən?

- Buna bir neçə dəfə cəhd ediblər, ancaq alınmayıb. Onlar mənim meyidimi tuta bilərlər. Nə qədərki əlimdə bu avtomat var, məni diri tutmaq mümkün olmayacaq.

***

Bu cavabı verərkən əllərinin düyünləndiyini və gözlərindəki düşmənə olan sonsuz nifrəti açıq gördüm. Sanki indicə irəli atılıb doğma torpağına göz dikənlərin gözlərini bir anda ovub yerə tökəcəkdi...

Və tökdü də... Füzuli şəhərinin taleyini həll edən, strateji əhəmiyyətli Məngələnata yüksəkliyi 1993-cü ilin aprelin əvvəllərində ermənilərin əlinə keçmişdi. Yüksəkliyin geri alınması üçün Azərbaycan Milli Ordusunun əsgərləri ağır döyüşlər aparırdı. Toplar, tanklar alov saçır, batalyon əsgərləri hücumda idilər. Gülbar isə Məngələnatanın ətəyində, düşmənə ən yaxın yerdən, həyatını risqə qoyaraq toplara dəqiq koordinantlar verməklə ermənilərin sırasını pərən-pərən saldı. Onların yaralılarının çığır-bağırtılarından ratsiyada qulaq tutulurdu. Bu çığırtıların içindən bir səs diqqəti cəlb edirdi: "Ara, massab haqqı bir qızın əlində qalmışıq. Tapın onun yerini öldürün, tikə-tikə doğrayın, o..."

Yenə hirs, yenə hədə. Gülbar isə bunları vecinə almırdı. Nəhayət, düşmən darmadağın olundu və Məngələnata geri alındı.

Birdimi, beşdimi bu qızın belə qəhrəmanlıqları? Füzulinin Veysəlli, Qacar, Gövşad, Məlikcan, Divanallar, Xırmancıq, Zərgər, Axullu, Dördlər, Hoğa, Tuğ və digər kəndlərində 20-dən artıq döyüşlərdə iştirak edərək əsl igidlik göstərmişdi Gülbar.

***

Nəhayət, o məşum gün-1993-cü il 24 iyun gəldi. Qardaşı Kərimlə "UAZ" markalı maşınla bir mövqedən digər mövqeyə tələsirdilər. Bu zaman düz qarşılarında partlayan mərmidən maşın dayandı və zərblə açılan qapıdan Gülbar yerə yıxılır. Qardaşı Kərim onu təcili hospitala çatdırır. Lakin boğazından dəyən qəlpə öz işini görmüşdü. Qardaşının dediyinə görə hospitalda bir anlıq huşu özünə gəlib və xahiş edib ki, çarpayısını açıq pəncərəyə yaxın gətirsinlər. Elə həmin pəncərədən son gücünü toplayaraq başını qaldırıb doğma Füzulinin səmasına baxıb və gözlərini əbədi yumub.

Gözlərini yumdu ki, doğulub boya-başa çatdığı torpağının işğalını görməsin. Axı ölümündən bir il əvvəl rəhmətə getmiş atasının məzarını və Füzulini qorumağa söz vermişdi: "Füzuli işğal olunarsa, özümü atamın məzarı üstündə güllələyəcəyəm".

Gülbar Heydərovanın sağlığında göstərdiyi misilsiz igidlikləri nəzərə alan batalyon rəhbərliyi ona Milli Qəhrəman adının verilməsi üçün yuxarı instansiyalara təqdimat göndərib və həmin təhdimat 15 ildir Müdafiə Nazirliyinin Təltif Komissiyasındadır. Bəli, 15 ildir nə Müdafiə Nazirliyimiz torpaqlarımızı azad edib xalqın təltifini almır, nə də bu torpağın uğrunda qəhrəmanlıqlar göstərmiş igid bir qızın halal haqqını vermir.

Müasir dövrümüzdə göstərdiyi misilsiz şücaətləri ilə qadınların tarixi kitablardakı qəhrəmanlıqlarını təkrar elədi bu igid qız. Bununla da tarixdəki qadınların qəhrəmanlıqlarına məni bir daha inandırıb, fikrimi kökündən dəyişərək, qəlbimdə qürur hissi yaratdığına görə, bu qəhrəman qızı, Gülbar xanımı heç vaxt unutmayacağam.
bu gün 79251 ziyaretçi (184955 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol