|
|
|
|
EKOLOJİ TERROR |
|
|
|
|
|
|
|
|
|
|
|
Işğal olunmuş Füzuli rayonunda uzunömürlü təbiət abidələr - Şərq çinarları məhv edilir
1930-cu ildə təşkil olunmuş Füzuli rayonu Azərbaycan Respublikasının cənub-qərbində əlverişli iqtisadi-coğrafi mövqedə yerləşir. Araz çayı üzərində salınan körpü onu Iranla birləşdirir. Ümumi sahəsi 139393 hektar (03.10.2005-ci il), əhalisi 1989-cu ildə 88,7 min, hal-hazırda 145,3 min nəfərdir. 23 avqust 1993-cü ildə Füzuli şəhəri daxil olmaqla, rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunmuşdur.
Səthi Araz çayına tərəf enən maili düzənlik, qərbdə alçaq dağlıqdır (Qarabağ dağ silsiləsinin cənub-şərq ətəkləri). Əsasən neogen çöküntüləri yayılmışdır. Şimal hissə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qərb hissəsi isə yayı quraq keçən mülayim-istidir. Çayları (Köndələnçay, Quruçay, Qozluçay) rayonun Iranla sərhəddindən axan Araz hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitkisi, əsasən yarımsəhra tiplidir. Işğaldan əvvəl rayonda kənd təsərrüfatında istifadə olunmayan 78 hektar meşə və 22283 hektar sair sahələr var idi. Rayonda su anbarları (Köndələnçay su anbarı) yaradılmış, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardır (1985). Köndələnçay - Araz çayının sol qolu olmaqla uzunluğu 102km, su toplayıcı sahəsi 536 km2-dir. Orta sulu illərdə çayın en kəsiyində 1.57 m3/san, az sulu illərdə 0.71 m3/san, çox sulu illərdə isə 2.43 m3/san su axır.
Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı, istismar olunan 2 (Dövlətyarlı, Dilağarda) əhəngdaşı; kərpic-kirəmid istehsalına yararlı, 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları vardır.
Özünəməxsus təbiəti olan Füzuli rayonunda İşıqlı kəndində Tağlı körpünün yanında diametri 250 sm, hündürlüyü 25 m, yaşı 500 il olan 1 ədəd, orada diametri 450 sm, hündürlüyü 25 m, yaşı 900 il olan 1 ədəd, Mandılı kəndində Mustafa adlanan yerdə diametri 150 sm, hündürlüyü 40 m, yaşı 300 il olan 5 ədəd, Böyük Bəhmənli kəndində İranla sərhəd yaxınlığında diametri 100 sm, hündürlüyü 20 m, yaşı 200 il olan 1 ədəd, Seyidəhmədli kənd sovetinin "Ibə piri" adlanan sahəsində diametri 520 sm, hündürlüyü 30 m, yaşı 1400 il olan 1 ədəd, həmin yerdə diametri 250 sm, hündürlüyü 25 m, yaşı 550 il olan 1 ədəd, Pirəhmədli sovetində Mandılı kəndində Vahidin həyətyanı sahəsində diametri 180 sm, hündürlüyü 45 m, yaşı 400 il olan 1 ədəd Şərq çinarları təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunmuşdur.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü dövr, təbaşir və yura sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanmışdır.
1985-1987-ci illərdə aparılmış hidrogeoloji tədqiqatlar nəticəsində ərazinin dağlıq hisssəsində yeraltı suların ehtiyatları iki rayon üzrə 204,83 min m3/gün həcmində qiymətləndirilmişdir. Beləliklə, Füzuli və Cəbrayıl rayonları üzrə istifadəyə yararlı yeraltı su ehtiyatları 440 min m3/gün təşkil edir. Füzuli rayonunun yaşayış məntəqələri üçün Cərəkən hövzəsində 31 min m3/gün həcmində ehtiyat hesablanmışdır.
Bəs bu gün Füzulidə vəziyyət necədir? Füzuli Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi K.Hacıyevin, şahidlərin verdikləri məlumatlara, üçüncü ölkə vasitəsi ilə əldə olunan videomateriallar rayonun ekoloji təcavüzə məruz qaldığını sübut edir:
Ermənilər Ərgünəş meşəsində hər il yanğınlar törədir, nəticədə qiymətli ağac və kollar məhv olur, təbiətə xeyli ziyan vurulur. Ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olan bu yanğınlar qlobal ekoloji problemlərə gətirib çıxara bilər.
Ekspertlər Füzuli rayonuna yaxın ərazidə yerləşən, dünyəvi əhəmiyyətli qədim abidə kimi YUNESKO-nun siyahısına düşmüş Azıx və Tağlar mağaralarının, Qaraköpəktəpə, Meynətəpə və başqa abidələrin erməni vandalizmi nəticəsində bu gün yararsız hala salındığını bildirirlər.
Kütləvi informasiya vasitələrində gedən məlumata görə ermənilər Füzuli rayonunun işğal altında olan Seyidmahmudlu və Qaraxanbəyli kəndlərinin arasında yoluxucu xəstəliklərin tədqiq edən xüsusi laboratoriya təşkil etmişlər. Burada xəstələrin daxili orqanları üzərində tədqiqatlar aparıldıqdan sonra, tullantılar təmizlənmədən və zərərsizləşdirilmədən Köndələnçaya axıdılaraq, infeksiya mənbəyi yaradırlar.
2003-cü ildən başlayaraq Horadiz qəsəbəsi müşahidə məntəqəsində Araz çayından götürülmüş su nümunələrinin təhlili çayın müntəzəm transsərhəd çirklənməyə məruz qalmasından xəbər verir.
2002-ci ildə işğal altında olan əraziləri müşahidə edərkən ermənilərin Ərgünəş meşəsinin içərisi ilə Məlihcan kəndi istiqamətində uzunluğu 10 km-ə yaxın maşın yolu çəkməsi aşkar edilmişdir. Həmin yol Hoğa, Xaxulu kəndlərinin yaxınlığından keçməklə, Qırmızıbazar istiqamətinə gedir. Yol çəkilərkən ağaclar qırılıb məhv edilmiş, qazılmış torpaq qatı yolun aşağı hissəsinə tökülmüşdür. Nəticədə ağaclar torpaq altında qalmış, pöhrələr məhv olmuşdur. Əldə edilmiş məlumata əsasən həmin meşədə havadan müdafiə və piyadalar əleyhinə hərbi texnikalar yerləşdirilib.
Füzuli rayonunun Dövlətyarlı və Dilağar kəndlərində yerləşən daş karxanaları, əhəng daşı yataqları düşmənlər tərəfindən istismar edilir. Müşahidə zamanı Çimən, Hoğa, Xaxulu, Govşad, Xələfşə və s. kəndləri istiqamətində baş verən yanğınlar Ərgünəş meşəsi istiqamətində davam edirdi. Bu da həmin ərazilərə yaxın olan ağacların və qiymətli bitkilərin yanıb məhv olmasına səbəb olurdu. Demək olar ki, 100 hektarlarla sahə yandırılmışdır və bu hal hələ də davam edirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Işğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"in məlumatına, işğaldan sonrakı dövrlərdə rayon ərazisinidə müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə əsasən ermənilər tərəfindən təbii sərvətlərin qəddarlıqla dağıdılmasına dair aşağıdakı faktlar aşkar edilmişdir:
1. Füzuli şəhəri tamamilə dağıdılıb. Şəhəri ayland ağacları, kəndalaş və müxtəlif bitki örtükləri bürüyüb. Qiymətli ağaclardan əsər-əlamət qalmayıb. (Akt ? 33. 10.10.2005-ci il).
2. Füzuli rayonunun Dövlətkarlı kəndindən keçən magistral yolun solunda tamamilə dağıdılmış Füzuli televiziya verilişləri qülləsinin ətrafında iki qoca ağacdan başqa bütün yaşıllıqlar məhv edilmişdir. Həmin hissədə yolun sağında geniş bir ərazini əhatə edən Füzuli rayon Dövlətkarlı üzüm emalı zavodu bütünlüklə yerlə yeksan edilmişdir. Zavodun girişində, ətrafında və həyətində olan qovaq, çinar və meyvə ağacları istisna olmaqla bütünlüklə məhv edilmişdir (Akt ? 32, 10.10. 2005-ci il).
3. Füzuli rayonunun Dövlətkarlı kəndi işğaldan əvvəl minlərlə meyvə və həyətyanı ağacların əhatəsində qalan iri bir meşəyə bənzəyirdi. Kəndin ətrafında və giriş yolunda mühafizə məqsədli geniş meşə massivləri vardı. Videoçəkilişdə həmin ağacların bütünlüklə məhv edildiyi, kəndi isə kəndəlaş, kökdən əmələ gələn pöhrələr və yeni ayland ağaclarının bürüdüyü görünür. Dövlətkarlıya dönən yolun sağında doğranmış və yandırılmış ağac kökləri, həmçinin ağac qırıntıları aydın müşahidə edilir (Akt ? 34. 10.10.2005-ci il).
4. Qoçəhmədli kənd yolu boyunca bütün ağaclar məhv edilib. Köndələnçayın və gölün tam quruduğu, ətrafdakı ağacların kök üstə quru vəziyyətdə kütləvi şəkildə məhv olunduğu, sağ hissədə yolun kənarında 4-5 hektar sahənin yandırıldığı görünür. Dövlətkarlı kəndinin çıxışında yandırılmış üzüm sahələri, həmin hissədə daş karxanasının inzibati binası və onun ətrafındakı yaşıllıqlar bütünlüklə məhv edilmişdir. Kənd qəbirstanlığı düzəngaha çevrilmişdir. (Akt ? 35 və 36, 10.10.2005-ci il).
5. Yağlıvənd kəndində kəndarası yolun sağ və solundakı böyük yaşıllıqlar tamamilə qırılmış və sağ hissədə 30-35 hektar sahənin yandırıldığı görünür. (Akt ? 30, 10.10.2005-ci il).
Son zamanlar ermənilərin işğal altında qalmış ərazilərdə törətdikləri yanğınlar sözügedən bölgə ilə yanaşı, digər rayonlarda da flora və faunanın məhvinə səbəb olmaqdadır. Bütün bunlar qarşısıalınmaz ekoloji problemlər yaratmaqla yanaşı, tək Respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan Planetimizin bioloji müxtəlifliyinə vurulan zərbədir. Baş verən olaylar məğlubiyyətlə üz-üzə qalmış düşmənlərin son cəhdləridir, təbiətə dəyən ziyanın əks-sədası isə dərin və uzunmüddətli ola bilər. Qeyd edilənlər hamını, xüsusən beynəlxalq ictimaiyyəti düşündürməli və ekoloji müharibəyə son qoyulmalıdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti |
bu gün 82423 ziyaretçi (192787 klik) kişi burdaydı! |
|
|
|
|
|
|
|
ELAN |
|
|
|
|
|