Bu, əsl ayrılıq nağılı idi. Baxmayaraq ki, özü də nə zamansa belə bir nağılın yaranacağına inanmırdı. Qəti əmin idi ki, onlar ayrılmayacaqlar. Hətta dost-tanış ona ehtiyatlı olmağı, özünü qorumağı məsləhət biləndə Novosibirskdən sevib ailə qurduğu rus gözəli Lyüdmilaya işarə edib zarafatla deyərdi: “Mənim iki Allahım var. Biri mənim, biri Lyüdmilanın. Hər ikimiz ona dua edirik ki, mənə heç nə olmasın. Qorxmayın, mən ölməyəcəm”. Qəribədir ki, Lyüdmila nədənsə bu vədə yaman inanırdı... Hətta Elxanın yaralanmaq xəbərinə də o qədər əhəmiyyət verməmişdi. Onun cənazəsini gətirəndə belə... əmin idi ki, o SAĞDIR.
***
Qarabağ müharibəsinin tarixində Horadiz əməliyyatının xüsusi yeri var. Elxan Zülfüqarovun isə Horadiz əməliyyatının uğurla nəticələnməsində və 22 kəndin ermənilərdən azad edilməsində. Mənə belə gəlir ki, hətta o, özünün müharibə gündəliyinə ayrı döyüşlər yazmasaydı belə, Horadiz uğrunda gedən döyüş onun Azərbaycanın qəhrəmanlıq tarixində qalmasına kifayət edərdi. Yalnız bu döyüş...
***
Amma hələlik bütün bunlar baş verməmişdi. Hələ 20-ci əsrin 80-ci illəri idi və Elxan da doğma Füzulidən, Hoğa (Üçbulaq) kəndindən uzaqda, soyuq Novosibirskdə - Milis Akademiyasında oxuyurdu...
Elxan Zülfüqarovun həyat yoldaşı Lyüdmila Zülfüqarova və qardaşı Mübariz Zülfüqarov xatırlayırlar:
“Elxan Novosibirskdə Milis Akademiyasında oxuyurdu, mən də tibb bacısı təhsili alırdım. Orda tanış olduq və evlənməyə qərar verdik. Toyumuz burada – Hoğa kəndində oldu. Amma mən oxuyurdum deyə yenidən qayıtdıq Novosibirskə. Ermənilərlə müharibə başlayandan sonra Elxan orda dayanmadı, geri qayıtdı. Mənim uşaqlarımın 4-ü də Azərbaycanda anadan olub. Müharibə başlayan kimi o öz briqadasını yaratmağa başladı. Hoğa kəndinin ətrafı hamısı erməni kəndləridir. Camaat çox qorxurdu. Ona görə kəndin kənarında post qururdular. Gecə postda qarovul çəkirdilər ki, hər kəs rahat olsun. O biri kəndlər də Elxanın hesabına duruş gətirirdilər. Adətən axşamlar tonqal qalayardılar. Tuğ kəndindən baxırdılar ki, Elxanın dəstəsi tonqal qalayıb, o gecə kənd camaatı arxayın yatırdı. İlk dəfə Füzulu rayonunda özünümüdafiə batalyonu yaradılanda Elxan 814 nömrəli hərbi hissədə rota komandiri kimi çalışırdı. Sonradan bir çox batalyonlar yarandı. O, könüllü olaraq başqa batalyona keçdi. Həmin vaxt vəziyyət çox pis idi, artıq 3 uşağımız vardı. Deyirdi ki, gəlin sizi aparım qoyum Rusiyaya. Gözləmirdi ki, müharibə bu qədər uzanar. Mənim valideynlərim ona dedi ki, sən də qal, dedi ki, yox, əgər mən qalsam, sonra mən nə üzlə o torpağa qayıdaram. O razılaşmadı deyə, mən də getmədim...”
“Azərbaycanın müharibə tarixində kəşfiyyatçı Milli Qəhrəman olmayıb. Elxan Azərbaycanın ilk peşəkar kəşfiyyatçılarından idi. Az zaman ərzində kapitan rütbəsinə qədər yüksəlmişdi. Erməni dilini yaxşı bilməsi əməliyyatlar zamanı ona çox kömək edirdi. Son qulluq elədiyi 702 saylı hərbi hissədə kəşfiyyat rotasının komandir müavini idi. Əməliyyat planı hazırlanarakən o, mütləq düşmən arxasına getməyə üstünlük verərdi. 1991-ci ilin noyabrında Elxanın dəstəsi məlumat almışdı ki, ermənilər Qərvənd kəndindəki şərab zavoduna çoxlu silah toplayıblar. Buna görə də kəndə tez-tez raket atılır və xeyli zərər verilirdi. Məqsəd zavodu partlatmaq idi. Gecədən xeyli keçmiş dəstə ora yollanır. Böyük çətinliklə kəndə çatır. Postda duran bir nəfəri qəflətən tutub ağzını bağlayır və hər tərəfdən zavoda yaxınlaşıb ətrafı minalayır. Dəstə üzvləri vəzifələrini bitirib qayıtmaq istərkən ermənilər duyuq düşürlər. Atışma başlayır. Beş nəfər yaralansa da, dəstə üzvləri onları da götürə bilir. Səhərə yaxın Qərvənddə böyük partlayış oldu. Tapşırıq yerinə yetirilmişdi.
1993-cü ilin martın 30-da ermənilər yenə kəndə basqın etmişdilər. Elxanın təşəbbüsü ilə kəndin girəcəyindəki yolların hamısı minalanmışdı. Minalar şahmat üsulu ilə düzüldüyündən tanklar və piyadalar keçəndə mütləq güclü partlayış olmalı idi. Erməni tankları yaxınlaşanda minaya düşüb partladılar. Həmin döyüşdə ermənilər qaçmağa məcbur oldular, biz isə bir neçə ağır texnika, o cümlədən 2 minaatan qurğu ələ keçirdik. Hücum dəf edildi”.
***
Elxan üst-üstə 42 əməliyyatda iştirak etmişdi. O vaxt ermənilər onun başına 300 min dollar pul qoymuşdular. Zarafatla deyirdi ki, gor mən nə qədər ucuzam ki, başıma belə az pul qoyublar. Mənim başım daha artığına layiqdir.
Bu başın həqiqətən də daha artıq məbləğə layiq olduğunu Horadiz əməliyyatı bir daha sübut elədi...
“94-cü il yanvarın 4-dən başlanan Horadiz əməliyyatında kəşfiyyat dəstəsinin 15 döyüşçüsünə Elxan rəhbərlik edirdi. O 15 nəfərin 13-ü şəhid olub həmin döyüşdə. Cəmi 2-si sağ qalıb. Birinin ayağı topuqdan yoxdur. Dəstə düşmən arxasına keçərək Azərbaycan qoşunlarının irəliyə hərəkətinə yol açmalı idi...”
Horadiz qəsəbəsinə həlledici hücumdan əvvəl gələn kəşfiyyat xəbərlərində bildirilirdi ki, düşmən döyüş rayonuna Hadrut istiqamətindən əlavə qüvvə cəlb etməyi planlaşdırır. Elxan Zülfüqarovun dəstəsi ermənilərə köməyə gələcək karvanın qarşısını kəsmək tapşırığı alır. Karvan Alıxanlı və Şükürbəyli kəndlərindən keçməli idi. Ermənilərin keçəcəyi ərazi vaxtında minalandı. Əlverişli mövqe seçən kəşfiyyatçılar güclü partlayışdan sonra qəflətən hücuma keçərək həmlə etdiər. Ermənilər artıq çaş-baş idi....Tankların əksəriyyəti minalanmış sahədən keçərkən məhv edildi. Karvanın cüzi hissəsi Horadizə yollana bildi. Artıq bu vaxt qəsəbədə mövqe və küçə döyüşləri gedirdi. Bu əməliyyatda ermənilərin 12 ağır texnikası və və xeyli canlı qüvvəsi məhv edildi. Qənimət kimi alınan 3 tankdan 2-si azərbaycanlılar tərəfdən vuruşa göndərildi. Təkcə həmin gün Elxanın dəstəsinin kəşfiyyat məlumatları ilə Füzulinin 19 kəndi işğaldan azad edildi.
“Elxan yanvarın 5-də Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı həlak oldu. Bu döyüşdə Elxan 10-a yaxın erməni əsgərini öldürmüşdü. 3 yerdən yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməyib. Onu təhlükəsiz yerə çıxarmaq istəyərkən Elxan razı olmayıb ki, uşaqları qoyub gedə bilmərəm. Son nəfəsində də mübarizə hissi onu tərk etmirdi...”
Həmin anlarda Lyüdmila iki yol gözləyirdi. Həm Elxanını, həm 3 qızdan sonra hələ dünyaya gəlməmiş, amma artıq onların ailə xöşbəxtliklərini daha da artıran oğlunun gəlişini...
“Həmin günü xatırlamaq mənim üçün çətindi, çox çətindi... Biz Beyləqanda qalırdıq. Axşam qaynım gəldi bizdə qalmağa ki, gecə qorxmayaq. Qaynım balaca qızlarımın qarşısına nərdtaxta tökdü ki, oynasınlar, başları qarışsın. Bu vaxt qapı döyüldü, Elxanın əsgərlərindən idi, qaynımı çölə çağırdı. Xəbəri birdən-birə demədi, dedi ki, Elxan yaralanıb, gətiriblər Beyləqanda xəstəxanaya. Onlar getdilər. Yağış da elə yağırdı, elə bil vedrəylə tökülürdü. Mən heç inanmazdım ki, o ölər. Heç inanmazdım. Hətta baldızım bizə gəlib evi yığışdırmağa başlayanda da mənə qəribə gəlirdi. Bir azdan onu gətirdilər....Həmin an nələr keçirdiyimi izah eləyə bilmirəm. 3 uşaq, hələ dünyaya gəlməmiş oğlum, dağılan həyatım, bundan sonra necə davam edəcəyim və Elxanın qarşımda dayanan cənazəsi...”.
“Elxan yanvarın 5-də həlak oldu, onun ölümündən 13 gün sonra, yanvarın 18-də oğlum Elxan anadan oldu. Həmin gün Beyləqandakı şirə zavodunda partlayış olmuşdu. Zavodun zirzəmisində hərbi sursat var idi. O partlamışdı deyə, zavoddan əsər-əlamət qalmamışdı. Olüm və dağıntılar olmuşdu, Beyləqanın xəstəxanasının da şüşələri qırılıb tökülmüşdü. Təsadüfdən həmin vaxt pəncərənin qarşısında olan çarpayıdan uşağı götürmüşdülər, qırılan şüşələr onun üstünə tökülməmişdi. Sanki onu Allah mənə Elxanın əvəzi olaraq saxladı....
Ruslarda adət belədir ki, əgər qadının yoldaşı rəhmətə gedirsə, onu saxlamırlar, qayıdır öz evinə. Atam da o məqsədlə gəlmişdi Azərbaycana ki, məni və uşaqlarımı aparsın. Qayınatam qoymadı ki, biz gəlinimizi vermərik.
Elxanın sağlığında Bakıda ev təklif eləmişdilər, o razı olmamışdı. Deyirdi ki, öz torpağımda – Hoğada yaşayacam. O şəhid olandan sonra Milli Qəhrəman adı alana qədər ev ala bilmədik. 94-cü ilin sentyabrın 16-da Elxana Milli Qəhrəman adı verildi, həmin ilin noyabrında bizə Müdafiə Nazirliyi tərəfindən 3 otaqlı ev verdilər.
“Qızıl Ulduz” medalını mənə Heydər Əliyev təqdim eləmişdi. Təqdimat zamanı mənə bir yazı vermişdilər ki, onu oxuyum, mən çıxış eləyəndən sonra Heydər Əliyev soruşdu ki, siz russuz? Bizim dilimizdə necə belə təmiz danışırsınız? Niyə öz dilinizdə danışmadınız? Dedim ki, mənə bu dil o qədər şirin oldu ki, uşaqlarımı da Azərbaycan dilində öyrətdim....
Mənim başqa heç bir arzum yoxdu. Mənim oğlum ata görməyib. Amma istəyirəm ki, o atasının şəhid olduğu Horadizə gedəndə görsün ki, onun adı əbədiləşib. Heç olmasa o da dostları arasında olanda deyə bilsin ki, onun atasının adına büst var, küçə var... Gənclərin əksəriyyəti ancaq Mübariz İbrahimovla Çingiz Mustafayevi tanıyır. Axı onlardan başqa da Qarabağ uğrunda canını qoyan Milli Qəhrəmanlar var. Horadiz uğrunda Elxan kimi şəhid olan qəhrəmanlar çoxdur. Amma ndi onların heç birinin nişanəsi yoxdur. Horadiz bu qəhrəmanların hesabına indi mövcuddur. Heç olmasa, Horadizin mərkəzində onun azad olmasında əməyi olanların xatirəsinə abidə ucaldılsın. Horadizdə Elxanın adı əbədiləşdirilsin.
Elxanın adına Bakıda park veriblər, amma orada da onun adını xatırladan heç nə yoxdur. Bununla bağlı Milli Məclisin spikeri Bahar Muradovaya da müraciət eləmişik. Nərimanov rayon icra hakimiyyətindən Bakı şəhər icra hakimiyyətinə də məktub ünvanlanıb. Parkın sərəncamı 2000-ci ildən verilib. Buna baxmayaraq, Elxanın o parkda heç bir nişanəsi yoxdur. Büst bir yana, o parkda xatirə lövhəsi asdırmaq nə çətin işdir ki? Oğlum böyüyüb, maşallah, 18 yaşındadır. Deyir ki, niyə Çingiz Mustafayevin, Salatın Əsgərovanın, digər Milli Qəhrəmanların adına küçə, məktəb var, mənim atamın adına yoxdur. Bu, dövlət səviyyəsində həyata keçirilməlidir.
Və son...
Elxan Zülfüqarovun oğlu Elxan Zülfüqarov hazırda hərbi xidmətdədir. Naxçıvanda hərbi polisdə qulluq eləyir. Atasının yolunu davam etdirmək niyyətindədir. Axı bu dünyada İLAHİ MƏNTİQ deyilən bir anlam da var. 13 günlük ayrılığın sonu varmış, deməli...
Kəmalə Quliyeva
www.lent.az