Səmərəli və demokratik idarəçiliyin ən vacib şərtlərindən biri də şərti hakimiyyətin sosial məsuliyyət prinsipinə əməl edərək fəaliyyəti ilə bağlı xalqa müntəzəm hesabat verməsidir. Bu, bir tərəfdən ictimaiyyətin hakimiyyətə olan etimadını artırırsa, başqa tərəfdən məmur təbəqəsini ümumi məqsədlər uğrunda vahid komanda kimi işləməyə, qarşıya qoyulan vəzifələri çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirməyə sövq edir. Bütün məsələlərdə şəffaflığın tərəfdarı kimi çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin təkmil idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir və özünü praktik fəaliyyətdə göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclası bunun daha bir əyani təsdiqi olmaqla, respublikamızın sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirildiyini və uğurla həyata keçirildiyini təcəssüm etdirir. İclasın yekunları respublikamızın bütün sahələrində dinamik inkişaf və tərəqqi prosesinin geniş vüsət aldığını, o cümlədən regionların sürətlə inkişaf etdiyini faktların dili ilə açıqladı. Dövlət başçısı regionlara qayğı siyasəti çərçivəsində doğma yurd-yuvasından digərgin düşmüş məcburi köçkünlərin problemlərinin həllinə də xüsusi diqqətlə yanaşmışdır. Qlobal maliyyə böhranına baxmayaraq, məcburi köçkünlər 2008-2009-cu illərdə də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşlar. Hələ 2008-ci ildə dövlətin sosialyönümlü tədbirlər sisteminin davamı kimi büdcədən ayrılmış 145 milyon manat vəsait hesabına qaçqın və məcburi köçkünlərin müasir infrastruktura malik yeni qəsəbələrə köçürülməsi prosesi uğurla davam etdirilmiş, sonuncu çadır düşərgəsi də ləğv olunmuş, beləliklə, dövlət başçısının xalq qarşısında verdiyi daha bir vəd uğurlu həllini tapmışdır.
Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası isə bir daha təsdiqləyir ki, məcburi köçkünlərin sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması, yeni yaşayış qəsəbələrinin tikintisi istiqamətində işlər ötən il də uğurla davam etdirilmiş, bunun üçün Dövlət Neft Fondundan 90 milyon manat vəsait sərf olunmuşdur. İclasda dərin məzmunlu nitq söyləyən cənab İlham Əliyev 2010-cu ildə də Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət ayrılacağını, xüsusilə də, məcburi köçkünlərin yaşayış səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin davam etdiriləcəyini vurğulamışdır: "Bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün səylərimiz davam etməlidir... Həm Bakıda, həm də ki, rayonlarda, xüsusilə, işğaldan azad edilmiş bölgələrdə - Ağdam rayonu ərazisində, Füzuli rayonu ərazisində, Yevlaxda, müxtəlif yerlərdə yeni qəsəbələr salınmalıdır".
Cəbhə bölgəsinə rəhbər himayəsi
Bu gün respublikanın bütün regionları üçün səciyyəvi olan tərəqqi və intibah prosesi düşmənlə təmas xəttində yerləşən rayonlarımız üçün də səciyyəvidir; illər keçdikcə bu rayonların siması dəyişir, erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin düşən insanların mənzil-məişət şəraitinin, güzəranının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atılır. Düşmənə əzmlə cavab verən digər cəbhə rayonları kimi, bu inkişaf və tərəqqi respublikanın qədim yaşayış məskənlərindən olan Füzulidə də özünü qabarıq göstərir. Dövlət başçısı rayonun problemlərinin həllinə, burada məskunlaşan məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasına xüsusi diqqətlə yanaşır. Ötən 7 ildə dövlətin bu qayğıkeş siyasətini Füzulidən olan məcburi köçkünlər də yaxından hiss edir, böyük razılıq və minnətdarlıq duyğuları ilə qarşılayırlar.
2008-ci il aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonunun Zobucuq adlanan ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrin açılış mərasimində iştirakı isə rayon sakinlərində böyük ruh yüksəkliyi, sevinc hissi doğurmuşdur. Dövlət başçısı məcburi köçkünlərin həyat şəraiti, qayğı və problemləri ilə maraqlanmış, Horadizdə Heydər Əliyev Mərkəzinin və yeni tikilmiş digər obyektlərin açılışında iştirak etmişdir.
Füzuli rayonu 2004-2008-ci illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində son illərdə dinamik inkişaf yolu keçmiş, rayonda bir sıra sosial-mədəni infrastruktur layihələri uğurla reallaşdırılmış, məcburi köçkünlər üçün yeni qəsəbələr salınmışdır. Dövlət başçısının 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda isə rayonun hərtərəfli inkişafına xidmət edən kompleks tədbirlər nəzərdə tutulmuşdur. Qarşıdakı illərdə Füzulidə heyvandarlıq, taxılçılıq və tərəvəzçiliyin inkişafının dəstəklənməsinin davam etdirilməsi; aqroservis xidmətlərinin yaxşılaşdırılması; tikinti materialları (gil, qum, mişar daşı və s.) yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması, kəndlərarası yolların əsaslı təmiri, rayonun elektrik şəbəkələrinin yenidən qurulması, hava elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənməsi, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması və telefonlaşdırılması; su təchizatının yaxşılaşdırılması, subartezian quyularının qazılması, kəndlərə içməli su kəmərlərinin çəkilməsi; Horadiz şəhərinin su təchizatının yenidən qurulması, kanalizasiya şəbəkəsinin yaradılması; əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, Araz çayında sahilbərkitmə işlərinin davam etdirilməsi; işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi; rayonun kəndlərində yeni səhiyyə müəssisələrinin tikintisi, yeni mədəniyyət obyektlərinin tikintisi, tarixi-mədəniyyət abidələrinin bərpası; rayonda idman-sağlamlıq obyektlərinin tikintisi; rayonun orta məktəbləri üçün əlavə sinif otaqlarının tikintisi nəzərdə tutulur.
Dövlət proqramına müvafiq olaraq hazırda Horadiz qəsəbəsində müasir tipli Olimpiya İdman Kompleksinin, Böyük Bəhmənli kəndində tibb mərkəzinin, Yuxarı Mil kanalının Bala Bəhmənli kəndindən keçən hissəsində su elektrik stansiyasının tikintisi davam etdirilir. Olimpiya İdman Kompleksi və tibb mərkəzinin bu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.
Füzulidə 16 qəsəbə salınıb
Ötən 7 ildə dövlətin qayğıkeş siyasətini Füzuli rayonundan olan məcburi köçkünlər də yaxından hiss edərək bu diqqəti böyük razılıq və minnətdarlıq duyğuları ilə qarşılayırlar. Məlumat üçün bildirək ki, erməni təcavüzündən əvvəl 1382 kvadratkilometr ərazisi olan rayonun indi cəmi 500 kvadratkilomert ərazisi işğaldan azad edilmişdir. Rayonun 84 yaşayış məntəqəsindən 45-i erməni işğalı altındadır. Füzuli rayonunun 112404 nəfər əhalisindən 45-47 min nəfəri respublikanın 50 rayon və şəhərində məskunlaşmaq məcburiyyətində qalmışdır.
Rayonda məcburi köçkünlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması və bu məqsədlə yeni qəsəbələrin salınması prosesinə hələ ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə başlanılmışdır. Ümummilli liderin 2001-ci il 22 avqust tarixli "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı əsasında 2003-cü ilədək rayonda 11 qəsəbə salınmışdır.
Qaqçın və məcburi köçkünlərə qayğı siyasətini inamla davam etdirən dövlət başçısı İlham Əliyevin 7 ilə yaxın prezidentliyi dövründə respublikamızın hərtərəfli inkişafı, maliyyə imkanlarının genişlənməsi bu istiqamətdə tədbirləri bir qədər də intensivləndirməyə imkan vermişdir. 2007-ci ildə Füzulinin Zobucuq adlanan ərazisində 5 müasir tipli yeni qəsəbənin salınması bunu bir daha təsdiqləyir. Ümumilikdə, işğaldan sonra salınmış 16 qəsəbədə - 4211 evdə 20807 məcburi köçkün məskunlaşmışdır. Eyni zamanda, rayonun daxili imkanları hesabına işğaldan sonra 10 düşərgə tipli məntəqə salınmışdır.
Zobucuq adlanan ərazidə salınan yüksək sosial-infrastruktura malik yeni qəsəbənin müasir görkəmi, abadlığı, səliqə-sahmanı burada ilk dəfə olanlarda xoş hisslər doğurur. Horadizin yaxınlığında yerləşən qəsəbədə insanların rahatlığı, firavan yaşayışı, zəruri tələbat və ehtiyaclarını ödəməsi üçün hər cür imkanlar yaradılıb. Səliqə ilə inşa edilmiş 1, 2, 3 və 4 otaqlı evlərin interyeri müasir tələblər səviyyəsində təmir olunmuş, hər ailəyə 12 sot torpaq ayrılmış, daimi işləyən artezian xətti çəkilmişdir. Bu qəsəbələrin hər birinə xəstəxana, poçt şöbəsi, mədəniyyət evi, icma mərkəzi, baytarlıq məntəqəsi, yanğınsöndürmə deposu, inzibati və anbar binaları da tikilərək istifadəyə verilmişdir.
Məcburi köçkün ailələrinin böyük qismi yaradılmış şəraitdən istifadə edərək özü üçün kiçik təsərrüfatlar yaradıblar. Qəsəbədə yaşayanların əkinçiliklə məşbul olması üçün hər ailəyə 1 hektar sahə ayrılıb. Halal əməyə, zəhmətə qatlaşan füzulili məcburi köçkünlər bu torpaqlardan səmərəli şəkildə bəhrələnir, əkib-biçir, dolanışıqlarını təmin edirlər.
Rayonun Ermənistanla həmsərhəd kəndləri də düşmən qarşısında mətinliklə dayanır. Belə kəndlərdən birində - Mirzənağılıda bunun bir daha əyani şahidi olduq. Bu kənd düşmənlə təmas xəttinin cəmi 200-500 metrliyində yerləşir. Ermənilər demək olar ki, hər gün kəndi atəşə tuturlar. Buna baxmayaraq kəndin cəsur və qorxmaz sakinləri dünmən qarşısından bir addım da geri çəkilməyib. Hazırda kənddə 220 ev var. Mirzənağılı kənd sakini Rafiq Səmədov deyir ki, igid əsgərlərimiz torpaqlarımızın və ümumən kənd sakinlərinin keşiyində ayıq-sayıq dayanırlar. "Bizim kəndin sakinləri üçün hazırkı vəziyyət adiləşib. Gündəlik təsərrüfatla məşğul oluruq, güzəranımızı təmin edirik. Yeganə arzumuz və istəyimiz doğma torpaqlarımızın işğaldan azad olunmasıdır".
İnkişaf əhalinin rifahında əksini tapır
Qəsəbənin icma mərkəzində olarkən məlumat aldıq ki, Füzuli rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov aidiyyəti orqanların rəhbərləri ilə birgə məcburi köçkünlərlə növbəti görüşünü keçirir. İcra başçısı sakinləri bir-bir dinləyərək onların problemlərinin yerindəcə həlli üçün əlaqədar təşkilatlara lazımi tapşırıq və göstərişlərini verir.
Kifayət qədər səmimi, işgüzar və demokratik şəraitdə keçirilən görüşdə çıxış edən rayon sakinləri dövlətin hərtərəfli diqqət və qayğısını minnətdarlıq hissi ilə vurğulamaqla yanaşı, onları narahat edən, qayğılandıran məsələləri dilə gətirməkdən də çəkinmirdilər. II Zobucuq qəsəbəsinin sakini, ixtisasca müəllim olan Qara Cəfərov son illərdə qəsəbədə məcburi köçkünlərin rahat və firavan yaşayışı üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini vurğuladı. Bununla belə, o, qəsəbədaxili yolların təmiri məsələsinə də diqqət ayrılmasını vacib saydı. Qara Cəfərov eyni zamanda, 30 kilometrlik Daşburun-Horadiz magistral yolunun asfaltlaşdırılmasına ciddi ehtiyac olduğunu vurğuladı. Qəsəbə sakini Tanrıverdi Əliyev isə yeni salınmış qəsəbələrin telefonlaşdırılması ilə bağlı problemlərin olduğunu vurğuladı.
Rayon icra hakimiyyətinin başçısı digər məcburi köçkünləri də diqqətlə dinləyərək onların problemlərinin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə göstərişlər verdi. "Azərbaycan Prezidenti qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğının göstərilməsini hər bir məmur qarşısında mühüm vəzifə kimi müəyyənləşdirib. Hər bir Füzuli sakininin problem və qayğılarını dinləyib onların həlli üçün lazımi tədbirlər görmək bizim vəzifə borcumuzdur. Səyyar qəbulların bir əsas üstünlüyü də ondadır ki, əhali hər bir müraciəti üçün uzun yol qət edib rayon icra hakimiyyətinə gəlmir. Biz yerində əhalini qəbul edir, onları dinləyir, təklif və şikayətlərini imkan daxilində qısa müddətdə həll edirik. Bu cür tədbirlərin səmərəsini və sayını daha da artıracağıq" - deyə Nəbi Muxtarov görüşə yekun vurdu.
Onu da öyrəndik ki, rayon rəhbərliyi gələcək fəaliyyət istiqamətlərini həm də vətəndaşlarla görüş və qəbullarda səslənən təkliflər əsasında qurur. Rayon icra hakimiyyəti başçısı yanında şura ötən il 26 yığıncaq keçirmiş, rayon iqtisadiyyatı, məcburi köçkünlərin yaşayış səviyyəsinin yüksəldilməsi, bərpa və quruculuq işləri ilə bağlı 32 məsələ müzakirə olunub. 2009-cu il ərzində vətəndaşların ərizə, şikayət və müraciətlərinə baxılması və gecikdirilmədən həlli məsələləri də diqqət mərkəzində saxlanılıb. Ötən il Füzuli Rayon İcra Hakimiyyətinə 1020 ərizə və müraciət daxil olub. Vətəndaşları qayğılandıran məsələlərin böyük əksəriyyəti ədalətli həllini tapıb.
Məcburi köçkünlər gələcəyə nikbinliklə baxırlar
Füzuli rayonunun sosial-iqtisadi inkişafı məqsədinə xidmət edən genişmiqyaslı tədbirlər sistemi ötən bir ildə də uğurla gerçəkləşdirilib. Ümumən isə son illərdə mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi Füzuli rayonunun bugünkü uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır. Rayonun ayrı-ayrı strukturlarının vahid komanda kimi çalışması qarşıya qoyulmuş məqsədlərin vaxtında icrasına imkan yaradır.
2009-cu ildə rayon üzrə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayondakı real sosial-iqtisadi inkişaf quru, cansız fakt və rəqəmlərdə deyil, hər bir sakinin gündəlik həyatında, məişətində, sosial rifah halında əksini tapır. İnsanlar müsbət irəliləyişləri qabarıq hiss edir, mövcud siyasi kursa dərin inam və etimad bəsləyirlər.
Müsbət ab-havanın, mənəvi iqlimin nəticəsi kimi rayonda işgüzar maddi fəallıq da yüksəlib. Bunun nəticəsi kimi ötən il rayonda 248 daimi, 1000-dən çox mövsümi iş yerləri açılıb. Kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə ötən il Horadiz şəhərində kreditlərin verilməsinə müvəkkil edilmiş bankların əməkdaşları ilə yerli sahibkarların görüşünü bu baxımdan əhəmiyyətli saymaq olar. Həmin görüşdə 60-dan çox kiçik sahibkara kredit verilib. Dövlətin diqqət və qayğısı nəticəsində rayonda kənd təsərrüfatı sahəsində diqqətəlayiq uğurlar əldə olunub. Təkcə bir faktı demək kifayətdir ki, ötən il rayonda rekord miqdarda 100500 ton taxıl istehsal olunub. Rayonda kənd təsərrüfatının digər sahələrində də əsaslı artım müşahidə olunub.
Hazırda Füzulidə 29200 başa yaxın qaramal, 101 min başdan çox qoyun-quzu, 230 min baş müxtəlif növ quşlar vardır. 2009-cu ildə rayon üzrə 1510 ton ət, 8157 ton süd, 4,4 milyon ədəd yumurda, 140 ton yun istehsal olunub. Üzümçülüyün inkişafı da diqqət mərkəzində saxlanılıb. Respublika hökumətinin qərarı ilə Haramı adlanan ərazidə üzümçülük üçün 11789 hektar ərazi ayrılıb.
2008-ci il oktyabrın 4-də Füzuliyə ikinci dəfə səfər edən cənab İlham Əliyev rayonun mavi yanacaqla təmin edilməsi üçün müvafiq göstəriş vermiş, operativ olaraq bu istiqamətdə tədbirlər həyata keçirilmişdir. İlkin mərhələdə Horadiz şəhərində 300 ailəyə təbii qazın verilməsi təmin olunmuşdur. Hazırda isə 349 ailə təbii qazdan istifadə edir. Horadiz şəhərinin bütövlükdə qaz təminatı 2010-cu ilin birinci rübündə başa çatdırılmalıdır. Bu il rayonun Əhmədalılar, Qazaxlar, Mollaməhərrəmli, Arayatılı, Bakı və Mirzənağılı kəndlərinə təbii qazın verilməsi nəzərdə tutulur.
Əhalinin elektrik enerjisi ilə təchizatı məsələləri də diqqət mərkəzində saxlanılır. Ərazidəki 39 yaşayış məntəqəsi, 10 yataq tipli yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunub, sıradan çıxmış transformatorlar yenisi ilə əvəzlənib. 12 min evdə sayğaclaşdırma işi başa çatdırılıb.
2010-cu ilin respublikada "Ekologiya ili" olması nəzərə alınaraq hər şənbə günü rayonda iməciliklər keçirilir. Müxtəlif ərazilərdə yaşıllıqların salınması, yeni ağac və kolların əkilməsi diqqət mərkəzində saxlanılır. Ötən ilin dekabrından rayonda 10 minə yaxın çinar, şam, küknar və müxtəlif meyvə ağacları əkilib.
Bir sözlə, rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətini dövlət başçısı İlham Əliyevin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olmağa çalışır. Füzuli sakinləri hər addımda dövlətin diqqət və qayğısını hiss edir, gələcəyə böyük ümidlə baxırlar. Onların yalnız bir arzusu, bir istəyi var - torpaqlarımızı tez bir zamanda işğalçılardan azad etmək. Hər bir Füzuli sakini əmindir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yeritdiyi qətiyyətli daxili və xarici siyasət bu müqəddəs arzunun ən qısa zamanda gerçəkləşməsinə imkan yaradacaqdır.
İ.HÜSEYNLİ,
S.ELMANOĞLU,
"Azərbaycan"