www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  => GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
  => Füzulililər böyük fədakarlıq göstərirlər
  => PREZİDENTİN ÇIXIŞI
  => Bir anın dəhşəti
  => Füzuli: bərpa və quruculuq işləri davam edir
  => O yerlərə bir də dönəcəyik...
  => Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib
  => Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”
  => Füzuli düşmən qarşısında möhkəm sipərə çevrilib
  => Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər
  => Prezidentin Sərəncamı
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
O yerlərə bir də dönəcəyik...

Hər dəfə bu rayonların işğal günü gələndə hamımız dəsmal götürüb hönkür-hönkür ağlayırıq. Guya hönkür-hönkür ağlamaqla yağı tərəfindən işğal olunan yurd yerlərimiz geri dönəcək. O yerdə ki torpaq var, o yerdə ki Vətən var və Vətənin torpağı üzərində yağılar gəzir, biz heç vaxt rahatlıq tapa bilməyəcəyik.

Elə hamımız deyirik ki, "lazım gəlsə silaha sarılıb torpaqlarımızı azad eləyə-cəyik". Amma nə "lazım gəlir", nə də biz silaha sarılırıq. Başımız yeyib-içməyə və kef-damağa necə qarışıbsa, hər şeyi unutmuşuq. Bunu heç də hamı haqqında demək düzgün deyil. Ən azından ona görə ki, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə nə qədər oğullarımız şəhid olub və yüzlərlə insanlarımız itkin düşüb, güllə yarası alıb. Yəni torpaq uğrunda son nəfəsinə qədər vuruşan və döyüşən oğulları heç vaxt yaddan çıxarmaq olmaz.

... 1993-cü ilin 23-ü avqustunu xatırlayanda tüklərim biz-biz olur. Çünki o günü həm füzulilərin, həm də cəbrayıllıların ən ağır günüydü. Baş necə qarışmışdısa, hamının gözündə canını xilas eləmək dururdu. Tozun-torpağın və yayın istisində kimi müharibənin və torpağın işğal xofundan rəngi saralmış, kimi də bu çətin anda canını qurtarmaq üçün evini-eşiyini qoyub özünü xilas eləmək istəyirdi. İndiyə kimi yaxşı yadımdadır. Həmin ərəfədə bu xəbəri eşidən təki mən xəstəxanada müalicəmi yarımçıq qoyub Füzuliyə qayıtdım. İnsanların sifətindəki vahiməni, kədəri və dərdi görəndə çox balacalaşdım. O qədər balacalaşdım ki, bu adamlara heç bir köməklik göstərə bilmədiyimə görə özümü aciz bildim. Göz yaşları içində olan qohum-əqrəba, dost-tanış ev-eşiyə, mal-dövlətə məhəl qoymadan belə ayaqyalın-başıaçıq "dörd yol" tərəfə qaçırdılar. Beş-altı il görmədiyim müəllimim kədərli gözlərini mənə zillədi. Elə zillədi ki, guya bu bəladan mən camaatı qurtara bilərəm. Bir söz demədən mənə yaxınlaşıb salam vermədən qucaqlaşdıq. Sonra da hönkü-hönkür ağlamağa başladı. Birtəhər müəllimimi sakitləşdirdim. Toxtayandan sonra dedi ki, məni yandıran ev-eşiyimin, var-dövlətimin düşmənlərə qalması deyil, məni yandıran odur ki, Bəhmənlinin qəbiristanlığını yağılara qoyub gedirik. Həmin günlər ən ağır və ən çətin anlar idi. İnsanlar dəstə ilə üzü Bakıya sarı addımlayırdı. Maşını olan maşınla, maşını olmayan araba ilə, arabası olmayanlar isə elə payi-piyada üz tutub harasa gedirdilər. Heç çoxu da bilmirdi bu yol onları hara aparır. Amma onu yaxşı bilirdilər ki, bu yol onları Vətəndən uzaqlaşdırır, daha ağır və daha çətin günlərə qovuşduracaqdır.

Müharibənin qızğın ça-ğında həmişə füzulilərin arasında olan və hər an döyüşə atılan polis rəisi Bünyad Məmmədovun gözləri dolsa da, ürəyi bu torpaqlarda qalırdı. Onda Nəbi Muxtarov Füzuliyə yenicə icra başçısı təyin edilmişdi. Camaatın gözü Nəbi müəllimə, Bünyad müəllimə tikilmişdi. Camaat gözləyirdi ki, bəlkə onlar deyəcək geri qayıdın. Amma heç cürə həmin anlarda camaata bu sözləri demək mümkün deyildi. Ona görə yox ki, Nəbi Muxtarov və Bünyad Məmmədov ermənilərdən qorxurdular. Ona görə ki, camaatın orada bir neçə saat ləngiməsi nə qədər insanın düşmən gülləsinə tuş gəlməsi və girov düşməsi demək idi. Camaatı isə heç vaxt güllənin qabağına vermək olmazdı. Amma camaatın da yurd yerindən ürəyi çıxmırdı. Çünki insanlar uzun illər min cür əzab-əziyyətlə tikib-qurduğu və qazandığı var-dövləti ermənilərə qoyub gedirdi. Elə el-obanı da ən çox yandıran bu idi.

Camaat rayondan və kənddən çıxandan sonra göydən od yağmağa başladı. Düşmən və onun havadarları ağır texnikadan və "qrad" qurğularından istifadə edərək Füzulinin kəndlərini, qəsəbəsini atəşə tutdu. Heç bir müddət keçmədi ki, ermənilər rayonun əksər kəndlərini işğal elədi. Axırıncı işğal etdikləri kənd isə Füzulinin Böyük Bəhmənli kəndi oldu.

Camaat ən ağır günlərini yaşamağa başladı. Qaçqınlıq və köçkünlük taleyi bu insanların da ömrünə yazıldı. Amma çox sağ olsun, digər rayonlarımızın camaatını. Onlar çətin anda füzulilərə arxa durdular və kömək etdilər. Ən çox İmişlidə sığınacaq tapan füzulilər burada el-obadan isti münasibət gördü. İmişlilər də deyirdi ki, Böyük Vətən Müharibəsində Füzulinin taxılı olmasaydı, bizim camaatın çoxu acından qırılardı. Onların o vaxt elədiyi yaxşılığı biz bu gün qaytarmalı olduq.

Ağır və məşəqqətli günlər bu insanların hər birinin sifət cizgisində və ürəyində öz izini qoyub. Nə yaxşı ki, Böyük Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin yanvarında Füzulinin 22 kəndi və bir qəsəbəsi işğaldan azad edildi.Torpağın işğaldan azad edilməsi ilə ermənilərin yandırıb külə döndərdiyi yaşayış məntəqələri, kəndlər, xəstəxanalar və məktəblər yenidən əsaslı surətdə bərpa edilərək əhalinin istifadəsinə verildi. Horadiz qəsəbəsi isə şəhər elan edildi. Az bir vaxtda rayonda təsvvür edilməz dərəcədə tikinti, quruculuq və abadlıq işləri görüldü. "Qayıdış" qəsəbəsi tikilərək ora minlərlə qaçqın köçürüldü."Zobucuq"da isə hər cür şəraiti olan qəsəbə inşa edildi. Bura minlərlə qaçqın pənah gətirib onlara verilmiş ev-eşikdə özlərinə sığınacaq tapdılar. Horadiz qəsəbəsi şəhər statusu alandan sonra burda yerli istehsalat sahələri istifadəyə verildi, şəhərin infrastrukturu yeniləşdi. Böyük Bəhmənli kəndinin yaxınlığında üçmərtəbəli Diaqnostika Mərkəzinin tikintisinə başlanıldı. Eyni zamanda böyük su kanalı üzərində Su Elektrik Stansiyasının ilkin təməli qoyuldu. Bu mərasimlərdə ölkə prezidenti İlham Əliyev iştirak etdi və Füzuli camaatı ilə görüşdü. Prezidentin rayona gəlişi və ehtiyat fondundan iki milyon manat vəsaitin ayrılması Füzulidə quruculuq və abadlıq işlərini daha da sürətləndirdi.

Bu gün Füzulinin bir hissəsinə 1994-cü ildə qayıdan insanlar çox böyük işlər görüblər. Yəni sanki rayonda həyat yenidən dirçəlib və öz axarını tapıb. Rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarovun, başçının birinci müavini Şakir Hacıyevin, pois şöbəsinin rəisi, polkovnik Bünyad Məmmədovun ümidləri bu gün çin olur. Ən azından ona görə ki, onlar bütün füzulilər kimi çox çətin anlar yaşayıblar və ümidlərini heç vaxt itirməyiblər. O ümid ki, Füzulidən çıxanda Nəbi müəllim də, Bünyad müəllim də camaata demişdi ki, biz tezliklə kəndlərimizə dönəcəyik. Bu arzunun yarısı çin olub. İndi qalıb o biri yarısı. Yəni Füzuli şəhəri və daha 70-ə yaxın kəndimiz işğal altındadır. O yerlərə dönməyimizi isə camaat hər an böyük ümidlə gözləyir.

Yurd yeri çox müqəddəs sayılır. Ona görə ki, bu yerdə təkcə ev-eşiyimiz və bağ-bağatımız deyil, həm də ulularımızın yatdığı qəbiristanlıqlar var. Bu yerlərin isə həmişə öz doğmaları üçün həsrətdən "ürəyi" para-para olub. Bu para-para olmuş "ürəyə" tezliklə məlhəm qoymaq və yurd yerinə dönmək lazımdır. Biz o yerlərə yenidən dönəcəyik. Və o gün heç də uzaqda deyil.

FAİQ QİSMƏTOĞLU

 

bu gün 79390 ziyaretçi (185480 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol