www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  => GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
  => Füzulililər böyük fədakarlıq göstərirlər
  => PREZİDENTİN ÇIXIŞI
  => Bir anın dəhşəti
  => Füzuli: bərpa və quruculuq işləri davam edir
  => O yerlərə bir də dönəcəyik...
  => Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib
  => Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”
  => Füzuli düşmən qarşısında möhkəm sipərə çevrilib
  => Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər
  => Prezidentin Sərəncamı
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”

“Azıxı yalnız dünyada ən qədim yaşayış məskəni olan Olduvey dərəsi ilə müqayisə etmək mümkündür”

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Arxeologiya və etnoqrafiya” kafedrasının müdiri, ötən əsrin 60-cı illərində Azıx mağarasında tədqiqat aparmış ekspedisiyanın üzvü, tarix elmləri doktoru Qüdrət İsmayılzadənin APA-ya müsahibəsi

- Azıx mağarası elmə necə məlum olub?

- Ötən əsrin 50-ci illərə qədər Azərbaycanda daş dövrünə aid abidə tapılmamışdı. Müxtəlif fikirlər var idi ki, Azərbaycan ərazisində məskunlaşma gec başlayıb. 50-ci illərdə Milli Elmlər Akademiyasının hazırladığı proqrama əsasən bu dövrün izinə düşmək məsələsi qaldırıldı. Heç cür ola bilməzdi ki, sonrakı dövrlərin belə zəngin abidələri ola-ola, daş dövrünə aid heç abidə olmasın. İndi bu işə ürəkdən, candan yanan bir adam lazım idi. Belə bir adam gənc tədqiqatçı Məmmədəli Hüseynov oldu. O, böyük inamla bu işə başladı və 50-ci illərin əvvəllərində artıq Qərb bölgəsində Damcılı, Daşsalahlı mağaralarını üzə çıxardı. Amma bu mağaralar da daş dövrünün sonrakı mərhələlərinə aid idi. Damcılı və Daşsalahlı mağaraları belə bir inam yaratdı ki, daha qədim mərhələlər də üzə çıxacaq. Bununla əlaqədar 60-cı ildə Kiçik Qafqazın cənub-şərq ətəklərinə səfərimiz oldu. Bu səfər zamanı Azıx mağarası da yoxlanıldı. Belə bir mağaranın olması ilə bağlı geoloqlar yazmışdılar. Azıx mağarası Dağlıq Qarabağın Hadrut rayonu ərazisində, Füzuli şəhərinin 14-17 kilometrliyində, Tuğ kəndi çökəkliyində, Quruçayın indiki yatağından 200 metr hündürdə yerləşən qalın əhəng qayalıqlarının altındadır. Azıxda arxeoloji kəşfiyyat işləri 60-cı ildə başladı. Elə ilk qazıntılar daş dövrünün ən qədim dövrü olan alt paleolitə aid nəticələr verdi. Azıx mağarası milyon yarım il əvvəli əhatə edir. Tədqiqatların nəticəsi təsdiqlədi ki, Azərbaycan ərazisində ən azı milyon yarım il əvvəl məskunlaşma gedib, insan yaşayıb. Sonrakı qazıntılar zamanı isə məlum oldu ki, Azıxda qalın mədəni təbəqələr var. Azıxda müxtəlif daş alətlərlə yanaşı, 30 növdən çox heyvanın daşlaşmış sümükləri də aşkar edilib. Azıx arxeoloji baxımdan aşkarlanandan sonra bura xarici ölkələrdən alimlər gəlməyə başladı.

- Dünyada qədim insan məskənləri çoxdur. Azıx mağarası onların sırasında neçənci yerdədir?

- Azıx mağarası tədqiq ediləndən sonra da belə suallar ortaya çıxırdı. Dünyada daş dövrünə aid ən qədim yaşayış məskəni Olduvey dərəsi hesab olunur. Azıxı yalnız onunla müqayisə eləmək olar. Hətta Məmmədəli müəllim sonralar daş dövrünə aid arxeoloji mədəniyyət də müəyyənləşdirdi - Quruçay mədəniyyəti. Quruçay bizim mədəni irsimizin ilk qatı oldu.

- Azıx sözünün mənası nədir?

- Bu sözün mənası ilə bağlı Məmmədəli müəllim çox araşdırma apardı. Hazırda Qarabağda Azıx adlı kənd var. Məmmədəli müəllim müəyyənləşdirdi ki, Azıx qədim türk xalqlarının dilində “ayı sığınacağı” deməkdir. Bu, həqiqətə uyğun gəlirdi. Çünki bu mağaradan ən çox ayılar istifadə edirdi. Sonradan mağaradan ayı sümüklərinin tapılması da bu versiyanın həqiqət olduğunu sübut elədi. Ayı kəlləsinin üstündə cızıqlar var idi. Bu da ilk ibtidai insanımızın incəsənət ünsürləri hesab edildi. Ayı kəllələri mağaranın müəyyən bir yerlərində gizlədilmişdi. Görünür, bu da ilk insanımız inancları ilə bağlı idi.

- Azıx adamının - Azıxantropun çənəsi nə vaxt tapıldı?

- 1968-ci ilin yayında. Çənənin insana, yoxsa heyvana aid olması da bir qədər mübahisələr yaratdı. Mən onda Azıx mağarası yaxınlığında yerləşən Qara köpəkdə arxeoloji tədqiqat aparırdım. Səhər Məmmədəli müəllim gəldi ki, Bakıya gedir. Dedi, bunu tapmışıq, şübhələnirəm ki, insan çənəsidir. O bu çənəni Elmlər Akademiyasının poleontoloqu Dəmir Hacıyevə göstərdi. Çənənin insana məxsus olmasını və Azıx adamının yaşını da Dəmir Hacıyev müəyyən elədi. Azıxantropun çənəsi dünyada ən qədim insan qalıqlarından olub, 250 min il əvvələ aiddir.

- Bəzi məlumatlara görə, ermənilər abidə tapılandan dərhal sonra ekspedisiya üzvlərini ələ almaq, abidəni erməniləşdirmək istəyiblər. Bu həqiqətdirmi?

- Abidə tapılandan sonra ermənilər ora maraq göstərirdilər. Hətta abidə ilə maraqlanmağa İrəvandan da alimlər gəlmişdi. Azıx mağarasının içində hündürlüyü 2 metrə çatan daş salaktit vardı. Göydən min illərlə axan damcılardan isə həmin salaktitin üzərinə sanki buzlar sallanmışdı. Məmmədəli müəllim bir qədər romantik adam idi. Bir yazısında yazmışdı ki, burada Qarabağ xanımlarının geyimində sanki gözəl bir gəlin var. Mağaranın divarlarını külək o qədər vurmuşdu ki, divarlar ovuq-ovuq olmuşdu, arı şanısına oxşayırdı. Ermənilər o zaman Moskvada çıxan “Priroda” jurnalında bir məqalə çap etdirdilər ki, guya bu, erməni abidəsidir. Orda olan “buz heykəl” də guya erməni xanımıdır. Guya ermənilər mağarada xüsusi döyüşkən arılar saxlayıblar. Düşmən gələndə o arıları səbətdə aşağı diyirləyirdilər. Belə primitiv yalanlara əl atırdılar.

- Azıxda tapılan tapıntılar indi haradadır?

- Tapıntılar hamısı Azərbaycan muzeylərindədir. Azıxda heç nə qalmayıb. Çənə isə Azərbaycan Tarixi Muzeyinin qızıl fondunda saxlanılır.

- Ermənilər hazırda Azıxda qazıntılar aparırlar. Bəzi məlumatlara görə isə oradan silah anbarı kimi istifadə edirlər...

- Mən bundan qorxmuram. Çünki Azıxın dəyəri çoxdan elm aləminə məlumdur. Azıx artıq çoxdan bütün dünyada Azərbaycan abidəsi kimi tanınıb. Ermənilər yüz dəfə qazsalar da, azərbaycanlıların dünyanın ən qədim millətlərindən olması faktını artıq dəyişmək mümkün deyil. Bundan narahat olmaq lazım deyil. Azıx dünya arxeoloji ədəbiyyatında öz yerini tutub. Azıx Azərbaycan torpağıdır. Azıxdan sonra daş dövrünə aid başqa abidələr də tapılıb. Naxçıvanda qazma düşərgələr, Buzeil mağarası, Kəlbəcərdə Zar mağarası... Amma Azığın ən böyük dəyəri ondadır ki, burada daş dövrünün bütün mərhələləri aşkar olunub. Azıx bütün vərəqləri yerində olan kitabdır.

- Azıx mağarasını dünyaya Məmmədəli Hüseynov tanıtdı. Sizə elə gəlmirmi ki, bu cür böyük alim lazımi qiymətini almayıb?

- Məmmədəli müəllimin böyrəklərində xərçəng var idi. Ölümündən sonra onun ailəsi çox pis vəziyyətə düşdü. 1993-cü ildə Məmmədəli Hüseynova əməkdar elm xadimi adını vermək üçün müraciət elədik. Bir xəbər çıxmadı. Heç Fəxri xiyabanda da yer vermədilər, onu Yasamal qəbiristanlığında dəfn elədik. Söz vermişdilər ki, abidəsini qoyacaqlar, eləmədilər. Hətta bəzən Məmmədəli müəllimin elədiklərini öz adlarına çıxırlar...





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: neyjem, 30.09.2014, 16:03 (UTC):
Nə yaxsı ki bunlari yazmısınız yoxsa xəberdar ola bilməzdaik allah M.HÜSEYNOVA REHMET ELESİN ALlah

Yorumu gönderen: vuqar, 24.09.2013, 15:42 (UTC):
ermeniden donme serefsizlerden her sey gozlemek olar,ALLAH MemmedeliHuseynova Rehmet elesin Bir millet oz alimine qiymet vere bilmirse O milletin ozu de sahibide serefsizdir



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 59256 ziyaretçi (131548 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=