www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  => GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
  => Füzulililər böyük fədakarlıq göstərirlər
  => PREZİDENTİN ÇIXIŞI
  => Bir anın dəhşəti
  => Füzuli: bərpa və quruculuq işləri davam edir
  => O yerlərə bir də dönəcəyik...
  => Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib
  => Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”
  => Füzuli düşmən qarşısında möhkəm sipərə çevrilib
  => Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər
  => Prezidentin Sərəncamı
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
PREZİDENTİN ÇIXIŞI


Prezident İlham Əliyevin Füzuli rayon ictimaiyyəti qarşısında çıxışı

Əziz dostlar!
Əziz füzulililər!
Bu gün Füzuli rayonunun həyatında çox gözəl bir gündür. Uzun fasilədən sonra Füzuli rayonuna Horadiz şəhərinə təbii qazın verilməsi bərpa olunubdur. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Horadiz şəhərinə təbii qazın verilməsi çox əlamətdar bir hadisədir. O, bir daha onu göstərir ki, Azərbaycan dövləti istənilən vəzifəni uğurla icra edə bilər. Yəqin ki, xatırlayırsınız, keçən dəfə aprel ayında biz sizinlə burada görüşəndə mən demişdim ki, yaxın zamanlarda Horadizə təbii qazın verilməsi bərpa olunacaqdır. Bu gün bu gözəl hadisəni biz birlikdə qeyd edirik.


                                   




Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1993-cü ildə Füzuliyə təbii qazın verilməsi dayandırılmışdı. Bildiyiniz kimi, bütövlükdə Füzuli rayonu işğal altına düşmüşdü. Ondan sonra Azərbaycan Ordusu rayonun bir hissəsini işğalçılardan azad etmiş və həmin ərazilərdə quruculuq, bərpa işləri başlanmışdır. Bu gün Horadiz şəhərinin timsalında biz Azərbaycanın uğurlu inkişafını görürük. Bu gün işğal altında olan bütün şəhərlərimizi, bütün infrastrukturu gələcəkdə bərpa edəcək və məcburi köçkün soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün bütün şəraiti yaradacağıq. Bu alovlanan məşəl bizim qələbəmizin simvoludur, rəmzidir.

Ümumiyyətlə, Füzuli rayonunun inkişafına çox böyük diqqət göstərilir, burada abadlıq-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır. Bildiyiniz kimi, Müalicə-Diaqnostika Mərkəzinin tikintisi başlanmışdır, Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir, burada yeni qəsəbələr tikilmişdir. O qəsəbələrdə yaşamaq üçün, işləmək üçün bütün imkanlar var. 2004-cü ildə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı qəbul olunmuşdu, 2007-ci ildə o proqrama əlavələr edilmişdir. Beləliklə, proqramın icrası nəticəsində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olunub və onların yerinə gözəl, müasir qəsəbələr tikilmişdir. Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti bundan sonra da davam etdiriləcək, işğaldan əziyyət çəkən bütün vətəndaşlara normal şəraitin yaradılması üçün əlavə tədbirlər görüləcəkdir.

Mən çox şadam ki, işğalçılardan azad olunmuş ərazilərdə indi bizim soydaşlarımız məskunlaşırlar. Mənə verilən məlumata görə, Füzuli rayonunda 70 minə qədər vətəndaş yaşayır və əminəm ki, gələcəkdə onların yaşayış səviyyəsi daha da yaxşılaşdırılacaqdır. Çünki təbii qazın verilməsi, müasir infrastuktur obyektlərinin tikintisi, yaxın vaxtlarda tikintisinə başlanacaq idman kompleksi - bütün bu işlər rayonun inkişafına xidmət göstərir. Bütövlükdə son illər ərzində Azərbaycandakı inkişaf bunu deməyə əsas verir ki, istənilən məsələ uğurla icra olunacaqdır.

Azərbaycanın uğurlu neft strategiyası davam etdirilir. 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış və bu gün davam etdirilən bu strategiyanın əlamətlərini indi yanan bu məşəldə biz görürük. "Şahdəniz" qaz yatağının işə düşməsi, "Azəri-Çıraq" neft yataqlarının işlənilməsi, müxtəlif neft-qaz kəmərlənin tikintisi nəinki Azərbaycanın iqtisadi qüdrətini artırır, eyni zamanda, insanların yaşaması üçün yaxşı şərait yaradır.

Biz uğurlu neft strategiyasının icrası nəticəsində öz iqtisadi imkanlarımızı böyük dərəcədə artırmışıq. Azərbaycan iqtisadi baxımdan son dörd il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir. Bunu biz ölkəmizin rayonlarının inkişafında, abadlaşan şəhərlərin timsalında görürük, Azərbaycanda aparılan islahatların timsalında görürük. Eyni zamanda, uğurlu neft strategiyamız imkan verir ki, Azərbaycanda qazlaşdırma prosesi sürətlə getsin. Son illər ərzində görülmüş tədbirlər nəticəsində bir sıra rayonlara təbii qazın verilməsinə nail ola bilmişik. İndi Azərbaycanda qazlaşdırmanın səviyyəsi 84 faizdir, növbəti illərdə bu, daha da artacaqdır. O cümlədən Füzuli rayonunun qazlaşdırılması davam etdiriləcəkdir. Bu gün biz qazlaşdırmanın birinci mərhələsini qeyd edirik, növbəti illərdə daha çox abonentə təbii qazın verilməsi nəzərdə tutulubdur.

Yəni bütün bunlar bir daha onu göstərir ki, bizim çox güclü iqtisadi siyasətimiz, enerji siyasətimiz var və sosial siyasətimiz var. Hər bir ölkənin inkişafı üçün vacib olan bütün bu amillər Azərbaycanda cəmləşib və bizim uğurlu inkişafımızı təmin edir. İqtisadi güc olmasa heç bir layihəni icra etmək mümkün olmayacaqdır. Eyni zamanda, iqtisadi islahatlar zamanı bəzən insanların yaşayış səviyyəsi aşağı düşür. Bu da təbiidir və başqa ölkələrin tarixində biz bunu görmüşük. Köklü, əsaslı islahatlar aparılan dövrdə, adətən, sosial məsələlər daha da pisləşir. Amma Azərbaycanda biz bunun əksini görürük. Bizim həm iqtisadi islahatlarımız çox uğurlu və cəsarətlidir, həm də güclü sosial siyasətimiz var. Bu sosial siyasət özünü müxtəlif istiqamətlərdə göstərir - insanların həyat səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, infrastruktur obyektlərinin yaradılması, sosial obyektlərin, məktəblərin, xəstəxanaların tikintisi. Bütün bunlar indi Azərbaycanın hər bir bölgəsində, o cümlədən Füzuli rayonunda reallıqdır. Mən əminəm ki, bizim gələcək inkişafımız uğurlu olacaq və qarşıya qoyduğumuz bütün məsələləri uğurla icra edəcəyik. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması və demək olar, başa çatması bir daha onu göstərir ki, bizim düşünülmüş siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət göstərir və bu, uğurlu siyasətdir.

Ümumiyyətlə, son illər ərzində Azərbaycan çox böyük və şərəfli yol keçmişdir və əldə edilmiş bütün uğurları sadalamaq üçün çox vaxt lazımdır. Bununla bərabər, problemlər də mövcuddur. Bax, bu problemlərin həlli üçün biz bütün səylərimizi göstərməliyik. Azərbaycanın çox dinamik inkişaf templəri var. Bununla bərabər, gələcəkdə də sosial məsələlərin həlli nəzərdə tutulur. İnfrastuktur obyektlərinin tikintisi, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatına dəstək, qaçqın-köçkün soydaşlarımızın yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması və onların məşğulluğunun artırılması - bütün bu işlər diqqət mərkəzindədir. Güclü iqtisadi potensial bizə imkan verir ki, bu məsələləri daha da sürətlə, qısa zaman ərzində həll edək. Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatlarımız artır. Bir daha demək istəyirəm ki, bütün bunun təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı illərin ortalarından başlanmış uğurlu neft strategiyası durur. Təsəvvür etmək çətindir, əgər o vaxt bu strategiya həyata keçirilməyə başlanmasaydı, yəqin ki, Azərbaycanın vəziyyəti indiki kimi ola bilməzdi.
Biz bu gün tam şəkildə müstəqil siyasət aparmaq iqtidarındayıq.

Biz bölgədə öz mövqelərimizi möhkəmləndiririk. Əlbəttə ki, bunu etmək üçün, ilk növbədə, iqtisadi güc lazımdır, müstəqillik lazımdır. Müstəqil siyasət aparmaq, eyni zamanda iqtisadi imkanlardan asılıdır. Güclü, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr, əlbəttə ki, müstəqil siyasət apara bilər və Azərbaycan artıq o ölkələrin sıralarına daxil olubdur. Bizim iqtisadi imkanlarımız artır, biz ancaq və ancaq öz gücümüzə istinad edirik, Azərbaycanda görülən bütün işlər Azərbaycan xalqının zəhməti hesabına baş veribdir.

Biz bütün istiqamətlərdə siyasətimizi elə aparmışıq ki, daxili resurslara istinad edək. Bizim təbii ehtiyatlarımız var, uğurlu neft strategiyamız var. Biz nəinki özümüzü təmin edirik, həm də başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm rol oynayırıq. Bütün bu amillər Azərbaycanın həm bölgədə, həm də dünyada mövqelərini daha da möhkəmləndirir. Bu, bizə lazımdır, hər bir ölkəyə lazımdır. Hər bir ölkə istəyir ki, onun bölgədəki mövqeləri daha da möhkəm olsun, təsir imkanları daha da güclü olsun və öz milli maraqlarının təmin edilməsi üçün yaxşı şərait olsun. Bizə bu, bəlkə də, başqa ölkələrdən daha çox lazımdır. Çünki bizim topraqlarımız işğal altındadır. Biz bölgədə öz mövqeyimizi möhkəmləndiririk və əminəm ki, dünyada Azərbaycanın önəmi artdıqca, torpaqlarımızın işğalçılardan azad edilməsinə böyük töhfə vermiş oluruq. Bizim qarşımızda duran ən böyük vəzifə budur. Bütün başqa vəzifələr Azərbaycanda uğurla icra edilir. Əsas məsələ torpaqlarımızın işğalçı qüvvələrdən azad edilməsidir. Bunu etmək üçün biz güclü olmalıyıq, güclü iqtisadiyyat yaratmalıyıq və yaradırıq. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Xalqla iqtidar arasında birlik var, bizim siyasətimiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığımız siyasət və atdığımız addımlar xalq tərəfindən dəstəklənir. Biz ordu quruculuğuna çox böyük diqqət göstəririk və bundan sonra da diqqət göstərəcəyik.

Azərbaycanın bölgədəki mövqeləri möhkəmləndikcə bizim təsir imkanlarımız artır. Biz çox geniş nəqliyyat imkanlarına malikik. Bu, həm coğrafi vəziyyətdən irəli gəlir və eyni zamanda, bizim siyasətimizin nəticəsidir ki, Azərbaycanı çox önəmli və əvəzolunmaz beynəlxalq nəqliyyat dəhlizinə çevirmişik.

Əlbəttə, Ermənistanla Azərbaycan arasında olan fərq böyüyür. Deyə bilərəm ki, bu uçurum daha da genişlənir. Bizim iqtisadi imkanlarımız, valyuta ehtiyatlarımız, büdcə xərclərimiz və siyasi çəkimiz Ermənistanla müqayisə oluna bilməz və bu həlledici dəyişikliyi biz son illər ərzində əldə etmişik. Biz çox sürətlə inkişaf etdik və çox sürətlə də inkişaf edəcəyik. Azərbaycanın təbii sərvətləri uzun illər, onilliklər bundan sonra da dövlətçiliyimizin güclənməsinə xidmət göstərəcəkdir. Əminəm ki, bizim torpaqlarımızın işğalçı qüvvələrdən azad olunmasında da həlledici rol oynayacaqdır.

Tam əminliklə deyə bilərəm ki, indi danışıqlar prosesində müşahidə olunan müəyyən müsbət irəliləyişlər məhz bizim gücümüzün artırılması nəticəsində baş verir. Biz nə qədər güclü olsaq, bu məsələ öz həllini o qədər tez tapa bilər. Çünki məsələnin həlli üçün bütün imkanlar var. Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir. Biz dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda bu məsələni qaldırmışıq və səsvermə nəticəsində Azərbaycanın haqlı olduğu bir daha təsdiq edilibdir. Bütün dünya Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıbdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi bütün dünya tərəfindən tanınıbdır. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması artıq bütün beynəlxalq birlik, o cümlədən məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri tərəfindən dəstəklənir.

Yəni sadəcə olaraq, Ermənistan rəhbərliyi öz vəziyyətini dərindən təhlil edərək, cəsarətli və müdrik addım atmalıdır. Bu da ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün torpaqlardan qeyd-şərtsiz çıxarılmalı, bizim soydaşlarımız o torpaqlara qayıtmalıdırlar, bölgənin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülməlidir. O ki qaldı Dağlıq Qarabağın hüquqi statusuna, bu məsələ gələcəkdə müzakirə oluna bilər. Biz bu müzakirəyə açığıq və dəfələrlə bəyan etmişik ki, dünyada mövcud olan ən mütərəqqi təcrübəni tətbiq edə bilərik, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Bunun kənarında heç bir başqa variant müzakirə olunmur, bunun kənarında heç bir başqa məsələnin həlli mümkün deyildir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və mən şübhə etmirəm ki, biz öz torpaqlarımızı azad edəcəyik. Çox istəyirəm ki, bunu sülh yolu ilə edək və biz buna çalışırıq. Baxmayaraq ki, uzun illər ərzində danışıqlar heç bir nəticə vermir. Ancaq son aylar ərzində, - siz də yəqin ki, bunu izləyirsiniz, - müəyyən ümidverici məqamlar da üzə çıxır. Biz bu yeni vəziyyəti təhlil etməliyik, müşahidə etməliyik və görməliyik ki, bu səslənən fikirlər, Ermənistan tərəfindən səslənən bəzi sülhməramlı və realist fikirlər nə dərəcədə səmimidir. Əgər bu fikirlər, doğrudan da, səmimidirsə, əminəm ki, biz qısa müddət ərzində məsələnin həllinə nail ola bilərik. Yəni ki, qısa müddət ərzində Ermənistanın işğalçı qüvvələri bizim torpaqlarımızdan çəkiləcəkdir. Əgər yox, bu, sadəcə olaraq, bir taktiki gediş, yaxud da ki, Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti aldatmaq üçün növbəti cəhddirsə, onda Azərbaycan dövləti öz prinsipial siyasətini davam etdirəcək və öz iqtisadi, siyasi və hərbi gücünün artırılması işində əlavə və çox ciddi tədbirlər görəcəkdir.

Əziz dostlar, mən istəyirdim ki, siz bu gözəl gündə doğma Qarabağ torpağında bu məsələ ilə bağlı bir daha mənim fikirlərimi, mövqeyimi eşidəsiniz, biləsiniz. Mən dəfələrlə ölkə daxilində və xaricdə müxtəlif tədbirlərdə Azərbaycanın mövqeyini ifadə etmişəm. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur, heç bir geriyə addımlar yoxdur. Biz beynəlxalq hüququn tərəfdarıyıq, Azərbaycanın bütün işğal olunmuş torpaqları azad olunmalıdır və bu işdə biz öz siyasətimizi davam etdirəcəyik. Dağlıq Qarabağ məsələsinin həlli üçün, torpaqlarımızın işğalçılardan azad olunması üçün nə lazımdırsa, Azərbaycan dövləti edəcəkdir.
Bu gözəl gündə, bu gözəl hadisə münasibətilə mən bir daha sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm. Arzu edirəm ki, bu məşəl həmişə yansın və bizim uğurlu yolumuzu həmişə işıqlandırsın. Azərbaycanın çox gözəl imkanları, çox gözəl gələcəyi var. Azərbaycan xalqı bilir haraya gedir, biz bilirik inkişaf istiqamətlərimiz nədir. Bizim inkişaf istiqamətlərimiz dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının rifah halının yaxşılaşması və ölkədə bütün mövcud olan problemlərin həllidir. Bu işdə sizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram.

AzərTAc






Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 58311 ziyaretçi (129469 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=